Diabetik ayağın müalicəsi
Diabetik ayağın müalicəsi zamanı ayaq yaralarının müalicəsi bir həkiminin tək başına müalicə edə biləcəyi sadə bir problem deyil. Diabetik ayaq problemlərinin müalicəsi bir KOMANDA işidir. Diabetik ayaq problemlərinə multidisiplin yanaşılmalı, yəni xəstələr endokrinoloq, infeksionist, ümumi-cərrah, ortoped, damar cərrahı, sarğı və diabet tibb bacısının birlikdə fəaliyyət göstərdiyi bir mərkəzdə dəyərləndirilməli və müalicələri aparılmalıdır. Bu halda xəstələrin xəstəxanada yatış müddəti, amputasiya və müalicə mailiyyətləri azalmış olur.
Diabetik ayağın müalicəsi zamanı əsas prinsiplər:
1. Qan şəkərlərini normallaşdırmaq – Diabetik ayaq yarası olan bir xəstədə qan şəkərlərini qısa bir zamanda normallaşdırmaq üçün ən uyğun müalicəyə başlamaq lazımdır. Glikemik hədəflər: HbA1C (glikozilləşmiş hemoqlobin)-3 aylıq şəkər göstəricisi ≤6.5%, aclıq və yeməklərdən əvvəlki qan şəkəri 90-120 mg/Dl, yeməklərdən 2 saat sonra <140 mg/Dl olmalıdır.
Diabetin digər ağırlaşmalarında olduğu kimi, diabetik ayaq yaraları olan xəstələrə də insulin müalicəsi aparılmalıdır. İnsulin diabet müalicəsində ən effektiv və ən güvənli (xəstə təlimli olarsa) vasitədir. 2-ci tip şəkərli diabet xəstələrində əks göstəriş yoxdursa, infeksion sistematik xarakter daşımırsa, insulin ilə birlikdə, insulin həssaslığını artıran metformin də müalicəyə əlavə oluna bilər.
2. Ürək damar zədələnməsinə səbəb ola biləcək digər risk faktorlarının – arterial hipertenziya, dislipidemiyanın (xolesterin və s. kimi qanda “pis” yağların yüksəlməsi) müalicəsi.
3. Ayağı təzyiqdən qorumaq, istirahət vermək. Ayaqda qan dövranı normal olsa belə əmələ gəlmiş yaranın üzərindəki mexaniki yük aradan qalxmayınca yara sağala bilməz. Yeridikcə hər dəfə yaranın üzərinə basmaqla yara davamlı zədə alır. Xəstənin yataq istirahəti, ayağa bütöv gipsin qoyulması,qoltuqağacından istifadə, xüsusi ortopedik çəkmələrin geyinilməsi (Scotchcast) və ortopedik cihazların istifadəsi bədən ağırlığının yara üzərinə təzyiqini azaltmaqla, yaranın sağalmasında vacib rol oynayır.
4. Uyğun antibiotik seçimi. Antibiotiklər mikroorqanizmlərin inkişafının qarşısını alan və ya onları məhv edən dərman maddələridir. İnfeksiyalaşmış yaralarda antibiotik müalicəsi yaranın sağalmasında çox vacibdir. Diabetik ayağın müalicəsi zamanı ümumi vəziyyətləri pis olmayan və sepsis ehtimalı olmayan xəstələrin anbiotiklərlə müalicəsi yara möhtəviyyatının və yara toxumasının əkilmə cavablarına uyğun aparılmalıdır. Antibiotik müalicəsinə başlamamışdan əvvəl xəstənin böyrək və qaraciyər funksiyaları dəyərləndirilməlidir. Xəstənin və yaranın vəziyyətində asılı olaraq antibiotiklər ağızdan və ya venadaxili verilir. Yerli təsirli antibiotiklərin (məlhəm, toz və s.) effektivliyi sübut olunmamışdır.
5. Angiopatiya müalicəsi. Diabetik xəstələrdə periferik arterial xəstəliyində daha çox dizaltı arteriyalar zədələnir. Tutulmuş və ya daralmış periferik damarlar ya invaziv olaraq balon angioplastika üsulu ilə, ya da xəstənin öz venasından (safen vena) götürülmüş və ya süni damar ilə femoro-distal bypass üsulu ilə əməliyyat olunaraq açılır.
6. Yara sarğısı. Sarğı – canlı hüceyrə və toxumanın yaşaması üçün əlverişli şərait təmin edən vasitədir.
Düzgün sarğının əsas xüsüsiyyətləri hansılardır?
- Hava keçirən olmalıdır;
- Bakteriyaların keçməsinə imkan verməməlidir;
- Açıq yarada nəmliyi qorumalıdır. Çünki canlı hüceyrə və toxumaların yaşaması və inkişafı üçün nəmli mühit mütləqdir;
- Əmici (hidrofil) olmalıdır. Bu xüsusiyyəti ilə sarğı yara səthindən, yara boşluqlarından artıq “çirkli mayeni” özünə hopduraraq yara sağalmasına kömək edir;
- Sarğı materialları tam steril olmalıdır və sarğı steril şəraitdə aparılmalıdır.
7. Yara debridmanı – nekrotik toxumanın yaradan təmizlənməsidir. Nekroz – toxuma ölümü deməkdir. Nekrotik, yəni ölmüş toxumalar bakteriyaların inkişafı üçün əlverişli mühit yaradır. Buna səbəb antibiotiklərin, leykositlərin (qoruyucu iltihab hüceyrələrinin) nekrotik toxumaya çata bilməməsidir. Nekroz infeksiyanı artırır, infeksiya da nekrozun əmələ gəlməsinə zəmin yaradır. “İnfeksiya-nekroz qüsurlu dövranı” aradan qalxmayınca diabetik ayaq yarasının müalicəsində uğur əldə etmək mümkün deyil.
8. Alternativ (köməkçi) müalicə metodu – Hiperbarik Oksigen Müalicəsi haqqında daha geniş bu yazımızdan oxuya bilərsiniz: Daha ətraflı oxuyun