Antiseptik maddələri diabetik yara müalicəsində istifadə etmək olarmı?

Antiseptik maddələr (yod, betadin, kalium-permanqanat, rivanol, hidrogen-peroksid, tibbi spirt və s.) mikrobları məhv etmək üçün xaricə istifadə olunan maddələrdir.  Dərinin xarici (epitel) qatı dözümlü toxuma olduğundan sağlam dəriyə antiseptik maddələr zərər verməz. Hüceyrə və toxumaların  yaşama qabiliyyəti azalmış diabetik yaralarda antiseptik maddələrin istifadəsi canlı toxumaların daha çox zədə almasına, hətta məhvinə səbəb ola bilər. Antiseptikləri istifadə etməklə mikrobları öldürmək istədiyiniz halda canlı, yaranın sağalması üçün vacib olan toxumaları məhv etmiş olursunuz. Antiseptik maddələrin açıq yaralarda istifadəsinin nə qədər ziyanlı olduğunu diabetik ayaq yaraları müalicəsində dünyada tanınmış mütəxəssis Prof. Dr. Muzaffer Altındaş “Yaraya tədbiq edəcəyiniz maddəni öncə öz gözünüzə sürtün, əgər gözünüzə narahatlıq vermirsə, yaraya tədbiq edə bilərsiniz.” ifadəsiylə bildirmişdir.