Diabetik ayaqda ağrı, yanma, keyimə hissi

Ayaqlarda diabetə bağlı əmələ gələn sinir (neyropatiya) və damar (angiopatiya) zədələnmələri.

Aşağı ətrafların diabetik neyropatiyası şəkərli diabet səbəbiylə ayağın sinir sistemi funksiyanın pozulması nəticəsində ortaya çıxan kliniki əlamətlərlə və ya bəzən əlamətsiz özünü göstərən diabetin xroniki ağırlaşmasıdır.

Ayaqlardakı neyropatiyanın əlamətləri:

  • Ayaqda ağrı, toxunma və temperatur (isti-soyuq) hissinin azalması və ya tamamilə itməsi. AĞRI – BİZİM ƏN VACİB QORUYUCU HİSSİMİZDİR! Buna görə ağrısı hissi azalmış, xüsusilə də itmiş xəstələrdə ayaq zədələnməsi və nəticə də yara əmələ gəlməsi ehtimalı daha çoxdur.
  • Sümüklərdə hiss edilən zoqquldayıcı dərin ağrı. Ağrı əsasən gecələr olur.
  • Ayaqarda, xüsusilə pəncədə və barmaq uclarında keyimə, yanma, qarışqa gəzməsi, iynə batırılması, elektrik vurması kimi hissiyatlar.
  • Toxunma duyğusundakı anormal dəyişikliklər (məsələn, xəstə adi toxunmanı ağrı kimi hiss edir).
  • Ayaqlarda gücsüzlük, yorğunluq.
  • Əzələlərdə “arıqlama”.
  • Ayaq dərisində, xüsususilə də dabanda quruma, çatlar .
  • Ayaqda şəkil dəyişiklikləri-deformasiyalar.
  • Bəzən asimptomatikdir, yəni heç bir əlamətlər olmur.

Aşağı ətrafların angiopatiyası və ya periferik arterial xəstəlik ayağa qan aparan damarların, yəni arteriyaların daralması və ya tutulmasıdır.

Ayaqlarda damar zədələnməsinin (angiopatiyanın) əlamətləri:

  1. Ayaqda donma hissi;
  2. Ayaqların soyuq olması;
  3. Gəzərkən əmələ gələn və istirahət etməklə dərhal keçən ağrılar;
  4. Ayaqlarda, xüsusilə də baldırda tez-tez qıcolmaların olması;
  5. Ayaqlarda tüklərin tökülməsi;
  6. Ayaq dərisini göyə çalan açıq bənövşəyi rəngdə olması.

Sinirləri və (və ya) damarları zədələnmiş ayaqda yaranın əmələ gəlməsində  əsas təkanverici faktorlar var:

  1. Uyğun olmayan ayaqqabıların istifadəsi. Ayaqda yaraların əmələ gəlməsinin qarşısını almaq üçün düzgün ayaqqabı seçimi çox vacibdir (diabetik ayağa qulluq bölümündə ətraflı məlumat verilib).
  2. Yanıqlar. Diabetli xəstələrin ayaqlarının üşüdüyünü və ayaqlarını istilədəndə rahatlaşdıqlarını söyləyirlər. Buna görə ayaqlarını istiqacla, radiotorlara, hətta sobaya yaxınlaşdırmaqla isitməyə çalışarlar, nəticədə təhlükəli yanıqlarla üzləşə bilərlər. Əlavə olaraq, nəzərə alsaq ki, bəzi xəstələrdə ağrı hissiyatı yoxdur, bu daha da dərin və təhlükəli yanıqlara səbəb ola bilər. Yanıqlar adətən dərindir (3cü dərəcəli yanıq). Yanan hissədə əvvəlcə suluq əmələ gəlir, daha sonra rəngi tündləşməyə başlayır, bir neçə həftədən sonra isə tamamilə qara rəng alır. Ağrını hiss etmədikləri üçün xəstələr adətən, ayaqlarının yanmasını inkar edərlər.
  3. Döyənək. Diabetlilərin ayaq dərilərində döyənək əmələ gəlmə ehtimalı daha çoxdur. Döyənək əmələ gəlmiş ayaq ayaqqabının içində çox qaldıqda kənarları sərt ortası dəlikli (neyrotrofik) yaralar əmələ gələ bilər. Döyənəklərin müalicəsində ilkin variant olaraq cərrahi müdaxilə məsləhət deyil. Döyənək müalicəsində və profilaktikasında uyğun ayaqqabı və dabanlıqlardan istifadə olunmalıdır.
  4. Dəridəki çatlar. Diabet xəstələrində neyropatiyaya bağlı olaraq tər vəzlərinin zədələnməsi nəticəsində ayaq dərisinin tərləməsi azalır və bu dərinin qurumasına, çatların əmələ gəlməsinə səbəb olur. Bakteriyalar bu cür tamlığı pozulmuş dəridən girərək infeksiyalaşmış yaranın əmələ gəlməsinə səbəb ola bilərlər.