Həkim tərəfindən ayaq müayinəsi necə aparılır?

Həkimə müraciət zamanı ilk öncə müayinə sual-cavabla başlayır. Xəstədən evdə qan şəkərlərinə nəzarət edib etmədiyi, keçmişdə ayaq yarası və ya amputasiya olub-olmadığı, ayağa qulluqda təlimli olub-olmadığı, sosial həyatında köməyə ehtiyaca olub-olmadığı soruşulmalıdır. Daha sonra xəstə uzandırılaraq ayaq müayinəsi aparılır; ayaq dərisinin rəngi, quruluğu, tempreraturu, şişkinlik olub-olmadığı, deformasiyalar və dırnaqda olan dəyişikliklər varsa qeyd olunmalıdır.

Periferik neyropatiyanın varlığı araşdırmaq üçün xəstədən neyropatiyaya aid simptomlar soruşulmalı və duyğu hissi yoxlanılmalıdır. Səthi duyğu hissini yoxlamaq üçün monofilament testindən, dərin duyğu hissi isə kamerton cihazından istifadə olunur. Temperatur hissini yoxlamaq üçün “isti-soyuq” testindən isifadə olunur. Həmçinin, aşil vətəri refleksinə də baxılmalıdır.

Damar sisteminə aid dəyişikliklər diqqətlə soruşulmalı və dəyərləndirilməlidir; ayaq nəbzləri yoxlanılmalıdır.

Anamnez toplandıqdan və ayaq müayinəsi aparıldıqdan sonra xəstə uyğun laborator (məs., qan analizi) və instrumental (məs., ayaqların rentgenoqrafiyası, doppler müayinəsi və s.) müayinələrdən keçirilir.