Şəkərli diabet və tipləri
Şəkərli diabet xəstəliyi nədir?
Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.
Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?
- Susuzluq;
- Tez-tez sidiyə getmə;
- Çəki itirmə;
- Sidik yollarının infeksiyası;
- Bulanıq görmə;
- Qaşınma;
- Yorğunluq;
- Dəridə və ağızda quruluq;
- Ayaqlarda keyimə.
Kimlər şəkərli diabetə görə risk qrupuna daxildirlər?
- Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1ci dərəcəli qohumlarda);
- Ürək-damar xəstəliyi olan insanlar;
- Artıq çəkisi olanlar (BKİ≥25 kg/m2);
- Hipertoniyası olanlar (A/T ≥140/90 mm.cv.st);
- Triqliseridlərin yüksək (≥250 mq/dl) və ya HDL xolesterin ≤3.5 mg/dl olması;
- 4 kg və daha artıq uşaq dünyaya gətirən qadınlar;
- 45 yaşından yuxarı şəxslər;
- Gestasional (hamiləlik) diabet anamnezi;
- Yumurtalıqların polikistozu sindromu.
Şəkərli diabet xəstəliyinin tipləri hansılardır?
1. Tip 1 diabet və ya insulindən asılı olan diabet.
Əsasən 5-20 yaşlar arasında rast gəlinir. 1-ci tip diabetdə hər hansı bir səbəbdən mədəaltı vəzin insulin ifraz edən hüceyrələri məhv olur. Başqa sözlə desək, mədəaltı vəzi (pankreas) ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. İnsulin olmasa, şəkər sərf oluna bilməz və qanda getdikcə artar. 1-ci tip diabetin əlamətləri kəskin başlayır. Bu tip xəstələr xəstəliyin başlanğıcından mütləq insulin müalicəsində aparılmalıdır.
2. Tip 2 diabet və ya insulindən asılı olmayan diabet.
Əsasən 35 yaşından yuxarı, çox yağlı yeyən, artıq çəkili, az hərəkət edən insanlarda və əsasən ailəsində (qohumlarında) şəkər xəstəliyi olanlarda rast gəlinir. Daha çox yayılmış diabet tipidir. Bu xəstələrdə əsasən insulin normal ifraz olunur. Xəstəlik yeni başlayanda aktiv hərəkət, pəhriz və antidiabetik həblərlə müalicə edilir. Ancaq bir müddət sonra mədəaltı vəzin insulin ifraz edən hüceyrələrinin funksiyaları pozulur və insulin müalicəsinə başlamağa ehtiyac olur.
3. Hamiləlik diabeti və ya gestasional diabet.
Bu diabet ilk dəfə hamiləlik zamanı hormon dəyişikliklərinə bağlı meydana gələn diabetdir. Əvvəlcədən diabeti olub, sonra hamilə qalan qadınlar gestasional diabet xəstələri sayılmırlar. Bu tip diabet əsasən hamiləliyin 2-ci yarısından meydana çıxır və hamiləlikdən sonra qanda şəkər normallaşır. Bu cür xəstələrə antidiabetik həblərdən istifadə etmək olmaz. Lazım gələrsə, insulin terapiyasına başlanılır. Bu cür xəstələrin sonradan 2-ci tip diabetə tutulma riski 40-60%-dir. 24-28 həftəliyində bütün qadınlara oral glükoza toleranlıq testi aparılmalıdır. Risk qrupuna daxil olan hamilə qadınlara isə ilk müayinədə bu testi aparmaq lazımdır.